Monday, 29th October , 2007 , 06:43 | Ana bölüm


«Azəri-Türk» Qadınlar Birliyi «Kərkük Gecəsi» keçirəcək

Doktor Turhan Çöməz başda olmaqla tanınmış qonaqlar bu tədbirdə iştirak edəcək

Tənzilə Rüstəmxanlı «Yeni Çağ» telekanalına verdiyi açıqlamada, Şimali İraqdakı separatçı kürdlərin Azərbaycana köç etdiklərini də açıqladı

Milli məsələlərlə bağlı hər zaman başqa təşkilatlara örnək təşkil edən «Azəri-Türk» Qadınlar Birliyi son günlərdə də öz aktivliyi ilə seçilir. Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi təşkilat son bir ayda istər erməni, istərsə də separatçı PKK-ya qarşı Türkiyəyə dəstək verən təşkilatların önündə yer almışdır.

Ötən həftənin bazar günü Türkiyənin Azərbaycandakı səfirliyi önündə keçirilən izdihamlı mitinq də Tənzilə Rüstəmxanlının bu məsələdə qətiyyətli mövqe sərgilədiyini gözlər önünə sərirdi.

«Yeni Çağ»ın əməkdaşına «Azəri-Türk» Qadınlar Birliyindən verilən məlumatda bildirilib ki, Tənzilə Rüstəmxanlı daha bir böyük tədbir planlaşdırır. Son günlər, Şimali İraq, Kərkük mövzularının aktual olduğunu nəzərə alsaq, «Azəri-Türk» Qadınlar Birliyinin noyabrın 2-də Rəşid Behbudov adına Mahnı Teatrında təşkil edəcəyi «Kərkük gecəsi» ədəbi-bədii gecə böyük maraq doğuracaq.

Kərkük və Azərbaycan sənətçilərinin iştirakı ilə keçiriləcək mərasimə Türkiyə, İraq və Kiprdən nüfuzlu şəxslər qatılacaqlar. Eyni zamanda Azərbaycanın bütün rəsmi şəxsləri bu tədbirə dəvətlidirlər.

Ankara İnstitutunun başqanı doktor Turhan Çöməzin də qatılacağı bu mərasimdə Avrasya Ekonomik İşbirliyi Dərnəyinin başqanı Hikmet Eren, Çağatay Akengin, Osman Eler, Mehmet Süha Uçar, Murat Atasoy kimi tanınmış milliyyətçilər, o cümlədən İraq Türkmən Cəbhəsinin nüfuzlu liderləri qatılacaqlar.

Kərkük musiqi heyəti isə Abdurrahman Kızılay, Mehmet Özbek, Turgay Coşkun, Ahmet Mustafa Yelden, Kamil Kaya, Hasan Tahsin Sümbüllü, Ertuğrul Coşkun, Ali Eroğlu, Veysel Ateş kimi tanınmış türkmən musiqiçilərdən ibarətdir.
Bu gecə «Türkməneli» telekanalı tərəfindən də yayımlanacaq.

Onu da qeyd edək ki, dünən gecə vəkil Kamal Kerincsizin «Yeni Çağ» telekanalında yayımlanan «Mədəniyyət dediyin» müəllif proqramına telefonla qatılan Tənzilə Rüstəmxanlı bir daha Şimali İraq və kərkük məsələsində öz mövqeyini ortaya qoydu. Tənzilə Rüstəmxanlının diqqət çəkdiyi başlıca xüsuslardan biri də Şimali İraq kürdlərinin Azərbaycanda yerləşməsi məsələsi oldu. Türk-kürd qarşıdurmasının əsla olmasını istəmədiyinə diqqət çəkən Tənzilə Rüstəmxanlı separatçı kürdlərin öncə tələbə olaraq, Azərbaycana gəldiklərini, daha sonra isə ailələrini də buraya gətirərək, vətənimizdə yerləşdiklərindən narahatlıq duyduğunu söylədi. Onların türk insanına düşmən münasibəti bəslədiyini də qeyd edən Tənzilə xanım bu məsələdə Azərbaycan dövlətinin lazım olan işləri görəcəyinə inandığını sözlərinə əlavə etdi.

[1] www.yenicag.az…


Çap olunub: http://www.qadin.org
Yazının URLi: http://azr.qadin.org/?p=18

adminq[at]qadin.org
Bu yazida işə alinan URL
[1] www.yenicag.az…: http://www.yenicag.az/modules/news/article.php?storyid=281